Rusiya Ermənistandakı gücünü itirdi - Qafqazın yeni lideri gəldi

Rusiya Ermənistandakı gücünü itirdi - Qafqazın yeni lideri gəldi
DÜNYA
22-06-2021, 11:50
A+
A-
Növbədənkənar parlament seçkilərinin nəticələri göstərdi ki, erməni xalqı revanşist qüvvələrin oyunlarından cana yığılıblar. 44 günlük savaş ermənilərə başa saldı ki, Ermənistanın "məğlubedilməzliyi" fikri mifdən başqa bir şey olmayıb və 30 ilə yaxın bir müddətdə hakimiyyətin işi ancaq onları aldatmaq olub. Əgər aprel döyüşləri zamanı Azərbaycan Ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldusa, II Qarabağ müharibəsindəki məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış ümidlərinin üstündən birdəfəlik xətt çəkdi. Bununla da "Qarabağ klanı" adlanan qüvvələrin iflası gerçəkləşdi. Xalq anladı ki, onların heç bir siyasi perspektivi yoxdur.
Robert Köçəryan seçkidən öncə təbliğat-təşviqat kompaniyasını "adamı" olduğu deyilən Rusiyaya səfərləri üzərində qurdu. Seçki ərəfəsində Rusiya mediası qapılarını Köçəryanın başçılıq etdiyi "Ermənistan" blokuna geniş açdı. Həmin dövrdə Rusiya mediasında anti-Azərbaycan ritorikası da maksimum həddə çatmışdı. Ondan fərqli olaraq "Sorosun uşağı" Nikol Paşinyan əvvəldən də məlum olduğu kimi Qərbə sadiqliyini nümayiş etdirərək Paris və Brüsselə səfərlər etdi. Paşinyanın bu səfərlər zamanı verdiyi mesajlar görünür erməni respondentləri inandırdı ki, illərdir apardıqları haqsız savaşa davam edəcəkləri təqdirdə onları növbəti dəfə 44 günlük müharibənin aqibəti gözləyə bilər. Və belə nəticə çıxır ki, seçkilərin nəticələri həm də Qərbin qələbəsidir. 

Ermənistanın müharibədəki məğlubiyyətinə baxmayaraq, Köçəryanın seçkilərdə məğlub olması, Rusiyanın nəinki Qafqazda, hətta mövcudluğu Kremldən asılı olan Ermənistanda nüfuzunun tam itməsi deməkdir.
Bunu başqa cür də adlandırmaq olar - Qafqazda Azərbaycan-Türkiyə erasının başlanğıcı. Çünki Rusiya Köçəryanı birmənalı olaraq dəstəkləsə də, onu hakimiyyətə qaytara bilmədi. Deməli Rusiya Qafqazda artıq söz sahibi deyil. 
Lakin bir həqiqət var: Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səslə qalib oldu. Əslində, bu, Paşinyanın siyasi çəkisinin ağırlığının deyil, erməni cəmiyyətinin köhnə korrupsioner, bu qaniçən rejimdən bezməsinin bəhrəsidir. Ona görə bunu Paşinyanın məğlubiyyətə bərabər qələbəsi də adlandırmaq olar. 6 ay əvvəl 44 günlük müharibədən ağır məğlubiyyətlə ayrılan Nikol Paşinyanın yenidən seçilərək hakimiyyətə gətirilməsi, düşdükləri acınacaqlı vəziyyətə görə xalqın daha çox Köçəryan, Sarkisyan cütlüyünü günahkar hesab etməsi deməkdir. Bu, eyni zamanda Azərbaycan Prezidentinin verdiyi mesajların erməni cəmiyyətinə çatdığını da təsdiq edir: "Biz Köçəryan, Sarkisyan ordusunu məğlub etdik".

Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, yaranmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə bilərlər. Ermənistan cəmiyyəti gələcəklə bağlı seçimini etdi. Azərbaycan Prezidenti İlham Əliyevin uzun illərdir erməni cəmiyyətinə ünvanlandığı çağırışlar seçkinin nəticələri ilə üst-üstə düşdü. Bu, o deməkdir ki, ermənilər revanşizmdən əl çəkməlidirlər. Ermənistan gələcəyini qurmaq istəyirsə, normal qonşuluq əlaqələrini bərpa etməlidir. Seçkilərin nəticələri də onu göstərdi ki, xalq keçmiş canilərin, avtoritar rejimin, əli qana bulaşmış revanşist və terrorçu ideyaların təbliğatçısı olan şəxslərin hakimiyyətə qayıtmasını istəmir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün şans yaranıb. Bu istiqamətdə ilk addım isə təbii ki, 10 noyabr üçtərəfli birgə bəyanatın müddəlarını icra etməkdən keçir. İndi qalır Ermənistan rəhbərliyinin bu şansı dəyərləndirməsi...
Təhməz Əsədov
Milli.Azскачать dle 12.1