SON dəqiqə! Türk generallar təcili Bakıya toplaşdı - AÇIQLAMA

SON dəqiqə! Türk generallar təcili Bakıya toplaşdı - AÇIQLAMA
GÜNDƏM / ANALTİKA
10-09-2021, 16:38
A+
A-
Türkiyə Yüksək Hərbi Şurasının Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda  təmsil etmək üçün göndərdiyi 4 general artıq Bakıya gəlib. Onlar Bakıya şuranın 25 avqustda verdiyi qərar əsasında gəlib, bu barədə Türkiyə mətbuatı məlumat verib.  
Qərara əsasən  Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-leytenant  Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına rəhbər təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.  General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. General Ender Güner Türkiyə Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib. Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub. 
Məsələ ilə bağlı hərbi məslələr üzrə ekspert Heydər Mirzə deyir ki, prezident İlham Əliyev bu ilin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçəcəyini anons etmişdi.

"Bu Azərbaycan silahlı qüvvələrinin tarixində yeni bir mərhələdir. Müşahidə etdiyimiz Azərbaycan-Türkiyə ordusunun birgə hərbi təlimləri, xüsusilə Laçında keçirilən taktiki hərbi təlimlər bunun göstəricisidir. Əgər bu türk modelinə keçiddisə, biz bunu öz ordumuzla edə bilmərik. Bunun ilk addımı Türkiyədən paşaların, generalların ölkəmizə gəlməsidir.  Türk silahlı qüvvələrinin, türk komandanlığını özünün buradakı nümayəndə aparatını gücləndirməsi məhz bu hədəfi güdür. Düşünürəm ki, generalların da əsas hədəfi bu keçidə müşavirlik etməsidir”, - deyə ekspert bildirib.
 
Digər hərbi ekspert Səxavət Məmmədin fikrincə,  Azərbaycanda Türkiyənin hərbi bazasnı qurmağa ehtiyac yoxdur, hər iki ordu vahid mərkəzdən idarə olunacaq. 
 
"Bu, hərbi bazadan daha önəmlidir. Yəni iki ölkənin vahid ordusudur. Türkiyə Azərbaycan Xidmət Qrupunun yaradılması və ora bir ildən çoxdur ki, Azərbaycanda olan generalların təyin olunması, faktiki olaraq Türkiyənin 3 əsrlik arzusunun həyata keçməsi anlamına gəlməlidir. Türkiyə rəsmi olaraq Cənubi Qafqazdadır. Bu təbii ki, Rusiya ilə də razılaşdırılıb. Əslində isə Rusiya Türkiyənin Azərbaycana, Cənubi Qafqaza daxil olmasına razılıq verməyə məcbur qaldı. Belə ki, Azərbaycan ordusu Rusiyanın təsir dairəsindən çıxıb. Bunun region üçün çox ciddi əhəmiyyəti var. Faktiki olaraq regiondakı və regionda maraqları olan dövlətlər Azərbaycanla hesablaşmaq məcburiyyətində qalacaq. Ola bilər ki, kimsə Türkiyənin çox güclü ordusunun olduğunu, Azərbaycana ehtiyacı olmadığını deyə bilər. Bununla qətiyyən razılaşmıram. Azərbaycanın insan resursu, potensialı Azərbaycan ordusunun Türkiyə ordusuna yamaq kimi görünməyəcəyinə dəlalət edəcək”, - deyə ekspert vurğulayıb.
 
Ekspert deyir ki, hələ 2012-ci ildə iki ölkə arasında hərbi sahədə əməkdaşlıqla bağlı çox ciddi sənədlər imzalanmışdı. Əslində Şuşa bəyənnaməsi məhz o sənədlərin yekunudur:
 
"Türkiyə üç əsrdən çoxdur Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmışdı. Məsələ ondadır ki, SSRİ quruldu və Cənubi Qafqaz tamamilə Türkiyənin təsir dairsəndən çıxmış oldu. Azərbaycan müstəqil olandan sonra müharibə ilə üz-üzə qalmışdı. 90-cı illərin əvvələrində də Türkiyədən olan hərbçilər Azərbaycana gəlmişdi. Ancaq onların fəaliyyəti dar çərçivədə idi. Bəzi türkiyəli hərbçilər Qarabağda aktiv döyüşlərə qatılmışdı, Azərbaycan ordusunun müharibəyə hazırlanmasında iştirak etmişdilər. Uzun illərdir ki, Azərbaycan ordusunda xidmət edən zabitlərin hazırlanmasında, xüsusilə Xüsusi Təyinatların formalaşmasında Türkiyənin çox böyük əməyi olub. Müstəqillikdən dərhal sonra azərbaycanlı zabitlər Türkiyədə hərbi təhsil almağa göndərildi. Bu gün baş verən proseslər əslində 30 ilə yaxın vaxt alıb. Yəni, dünənin, bu günün işi kimi bunları təqdim etmək doğru deyil”,-deyə Səxavət Məmməd bildirib. 
 
Səxavət Məmməd deyir ki, Azərbaycan ordusunun Türkiyə modelinə keçid mərhələsi demək olar ki, yekunlaşıb. "Plan işləri artıq bitib.Yeni ştatlar yaradılıb. Bunun praktikada da öz həllini tapdığını görürük. İki ölkə ordusunun tez-tez təlimlər keçirməsi bu anlama gəlir”, - deyə o əlavə edib.
 
Azərbaycan  Müdafiə Nazirliyi məsələyə münasibət bildirmədi. 
 
Samirə Əli 

 скачать dle 12.1