İcra nümayəndəsi başçının vətəndaşa verdiyi torpağı tələb edir - MƏHKƏMƏ İŞİ

İcra nümayəndəsi başçının vətəndaşa verdiyi torpağı tələb edir - MƏHKƏMƏ İŞİ
GÜNDƏM / MANŞET
21-02-2021, 15:15
A+
A-
Bərdə Rayon İcra Hakimiyyəti başçısının qanunsuz göstərişi ilə yaranan problem həll edilmir. Vətəndaşdan torpağı almaq üçün icra nümayəndəsi məhkəməyə müraciət edib.
​Musavat.com xəbər verir ki, 10 ilə yaxındır Bərdə rayon Mustafaağalı kənd sakini İsrayil Muradovu tikdirdiyi obyektdən çıxarmaq istəyirlər. Bu barədə kəndin icra nümayəndəsi Qəhrəman Zeynalov iddia ilə məhkəməyə müraciət edib.
Məhkəmə çəkişməsi və​ illərdir davam edən mübahisə İsrayil Muradova məxsus qəssabxananın sökülməsi ilə başlayıb. Belə ki, 2011-ci ildə kəndə avtomobil yolu çəkilən zaman İsrayil Muradova məxsus qəssabxana sökülüb. Səbəb isə obyektin baxımsız, səliqəsiz olması olub.
Amma İsrayil Muradova məxsus torpaq sahəsi indi də boşdur. Rəsmi sənədlər də onun adınadır. Ailə dolanışığı yalnız bu qəssabxanadan olan İsrayil Muradov çıxış yolu üçün icra başçısına müraciət etmək istəyib. Yol çəkilişləri davam edən zaman İsrayil Muradovun anası ərazidən keçən icra başçısı Vidadi İsayevə yaxınlaşıb. Bildirib ki, onlara yeni qəssabxana tikmələri üçün torpaq sahəsi verilsin.
Vidadi İsayev kəndin icra nümayəndəsi olan Qəhrəman Zeynalovu yanına çağıraraq yaxınlıqdakı torpaq sahəsinin İsrayil Muradovun anasına verilməsini tapşırıb.
İşin maraqlı tərəfi budur ki, həmin torpaq sahəsi elə Qəhrəman Zeynalova məxsus olub. Qəhrəman Zeynalov da icra başçısının sözünü yerə sala bilməyib və razılaşıb. Həmin müddətdən etibarən İsrayil Muradov orada qəssabxana tikir və bu günə qədər də işlədir. 2016-cı ildən isə torpaq sahəsi üstündə çəkişmələr başlayıb. Qəhrəman Zeynalov məhkəməyə iddia ilə müraciət edib. İddiasında göstərib ki, İsrayil Muradova məxsus torpaq sahəsi ona verilməlidir. Amma İsrayil Muradov bununla razılaşmır. Deyir ki, köhnə torpaq sahəsi özünə məxsusdur. İcra başçısı isə Qəhrəman Zeynalova məxsus torpaq sahəsini onun anasına verib.
Bərdə Rayon Məhkəməsində 2016-cı ildə hakim Ağarza Səmədovun sədrliyi ilə bu mübahisəli məsələ araşdırılıb. Məhkəmə belə qənaətə gəlib ki, Qəhrəman Zeynalovun İsrayil Muradovun torpaq sahəsindən çıxarılması ilə bağlı iddiası rədd edilməlidir. Qərarda göstərilib ki, Qəhrəman Zeynalov 2001-ci ildə torpaq sahəsini Qabil Novruzov adlı şəxsdən alıb. Amma torpaq sahəsinə dair torpaq kadastr planı və daha sonra isə dövlət reyestr xidmətindən çıxarış almayıb.
Məhkəmə belə qənaətə gəlib ki, iddiaçı tərəf torpaq sahəsinin ona məxsus olduğunu heç bir rəsmi sənədlə sübut edə bilmir. Buna görə də iddia tələbi əsassız hesab olunub və rədd edilib.
İsrayıl Muradov anasına verilən torpaq sahəsində qəssabxana tikib, 10 ilə yaxındır çalışsa da, oranı sənədləşdirə bilmir. Deyir ki, icra başçısının onlara verdiyi torpaq sahəsini sənədləşdirməyə heç bir rəsmi qurum yaxına durmur. Hansı dövlət idarəsinə müraciət etsə, həll edən olmur. İsrayıl Muradov səbəb olaraq isə göstərir ki, Qəhrəman Zeynalovun icra nümayəndəsi olmasına görə rayondakı idarələr onun müraciətinə baxmır. İsrayıl Muradov icra başçısının da qəbulunda olub. İcra başçısı isə deyib ki, bu məsələni öz aranızda həll edin.
Bu işlə bağlı uzun zamandır məhkəmə araşdırmaları gedir. Çıxarılan qərarla vətəndaşa İsrayil Muradovun xeyrinədir. İcra nümayəndəsi Qəhrəman Zeynalov əvvəlcə İsrayil Muradovun öz torpağından çıxarılması üçün məhkəməyə müraciət etmişdi. Deyirdi ki, icra başçısı onun torpağını İsrayil Muradova veribsə, İsrayil Muradov da öz torpağını ona verməlidir. Amma məhkəmə bu iddianı ləğv etmişdi.
İndi isə Qəhrəman Zeynalov başqa bir iddia ilə məhkəməyə müraciət edib və bildirir ki, İsrayil Muradov icra başçısının ona verdiyi torpaqdan çıxarılmalıdır. Qəhrəman Zeynalov ona məxsus torpağın icra başçısı tərəfindən İsrayil Muradova verildiyini bilir, amma buna baxmayaraq torpağı tələb edir. Həmin torpaq sahəsində isə İsrayil Muradov 10 ildir obyekt tikib və dolanışığını təmin edir.
​Məhkəmə araşdırması yaxın günlərdə başlayacaq.
скачать dle 12.1