“Erməni qoşunları çıxarılır, Türkiyə Qarabağda patrul xidmətinə başlayır”

“Erməni qoşunları çıxarılır, Türkiyə Qarabağda patrul xidmətinə başlayır”
SİYASƏT
12-06-2021, 11:56
A+
A-
"Bayden-Ərdoğan görüşündə Qarabağ, ümumiyyətlə Cənubi Qafqaz məsələsinin müzakirəsi bölgədə gedən geosiyasi dəyişikliyin bir hissəsidir. Biz bu məsələnin həllinə Çindən başlayan və Britaniyaya qədər uzanan "Bir kəmər, bir yol” layihəsi kontekstindən baxa bilərik. Bu layihənin üç quru dəhlizi var: Şimal, Cənub və Orta. Pandemiyadan sonra Orta dəhliz məsələsi aktuallaşdı. Yəni Şimal və Cənub dəhlizindən daha önə çıxdı. Bu Orta dəhlizdə yeganə problem kimi görünən Qarabağ məsələsinin həllinin vacibliyi gündəmə gətirildi”.
Siyasi analitik Asif Nərimanlının müsahibəsini təqdim edirik.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycana gələcək. Səfər çərçivəsində Şuşada da olacaq. Türkiyə liderinin bu səfəri nələri dəyişəcək?
- Ərdoğan Şuşaya gələcəyini hələ Ramazan ayından əvvəl açıqlamışdı, lakin tarix verilməmişdi. İndi bu səfərin tarixi bəllidir, bunun Bayden-Ərdoğan görüşündən sonra baş verəcəyi diqqət çəkir. Ayın 14-də ABŞ prezidenti ilə görüşəcək Türkiyə lideri bir gün sonra Azərbaycana gələcək. Bu səfər çərçivəsində Şuşaya da gedəcək.

Təbii ki, Ərdoğan-Bayden görüşündə bir sıra məsələlərlə yanaşı, Qarabağ və ya Cənubi Qafqazdakı son gəlişmələr də müzakirə olunacaq. Amerikanın təklifləri var. Xüsusən də, bölgədə nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı Ankara və Bakıya təkliflər verir. Mümkündür ki, Ərdoğan Bakıda bu məsələr ətrafında müzakirələr aparacaq və birgə hərəkətlərlə bağlı qərarlar veriləcək.

Ümumilikdə isə Ərdoğanın Şuşaya səfəri Türkiyənin Qarabağdakı varlığının ilk növbədə Rusiyaya, sonra da beynəlxalq ictimaiyyətə açıq mesajının verilməsidir.

Məlumdur ki, Rusiya sülhməramlıları Xankəndindədir. Bu, Rusiyanın Azərbaycan sərhədləri daxilində təsir dairəsi hesab oluna bilər. Yəni Rusiya bundan istifadə edir. Bilirik ki, indiyədək Rusiyanın sülhməramlı missiyası ilə bağlı dünyanın ayrı-ayrı bölgələrində xoşagəlməz hallar yaşanıb. Bu baxımdan, hesab edirəm ki, Ərdoğanın Şuşaya gəlməsi Xankəndinin ən yaxınından Türkiyənin Qarabağdakı varlığı ilə bağlı Rusiyaya ünvanlanmış mesaj olacaq. Əlbəttə, bu mesaj təkcə Rusiyaya yox, bütün dünyaya ünvanlanacaq. Bu da Türkiyənin Qarabağda və Azərbaycanın yanında olması məsələsidir.

Təbii ki, bu səfərə son geosiyasi proseslər prizmasından baxdıqda, bunun bir sıra səbəbləri var. Əvvəlcə onu deyim ki, səfərdə tərəflər arasında bir sıra müqavilələrin imzalanması gözlənilir. Çox güman ki, bu müqavilələrdən biri hərbi sahə ilə bağlı olacaq. Əlbəttə, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq kifayət qədər genişdir. Lakin bu əməkdaşlıq bir qədər də yüksək səviyyəyə qaldırıla bilər.
 


- Söhbət nədən gedir?
- Söhbət hərbi baza olmasa da, Türkiyənin Azərbaycandakı hərbi mövcudluğunun rəsmiləşdirilməsindən gedə bilər.

Bundan əvvəl belə bir xəbər yayılmışdı ki, Türkiyə Azərbaycanın üç şəhərində hərbi baza qurmaq istəyir. Amma bundan sonra Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğu əsas gətirərək, başqa bir ölkənin burada hərbi bazasının qurulmasının mümkünsüzlüyü diqqətə çatdırıldı. Fikrimcə, həmin vaxt bu açıqlama kənar müdaxilələrin qarşısının alınmasına hesablanmışdı. Böyük ehtimalla belə bir hazırlıq olub.

Amma Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması başqa bir ölkənin burada hərbi baza qurmasına mane olmur, o cümlədən Türkiyənin. Əslində Qoşulmama Hərəkatının məlum nizamnaməsində hansısa ölkənin hərbi bazasından söhbət getmir, bu, üzv ölkənin hansısa hərbi bloka qoşulmasını qadağan edir. Digər yandan, Türkiyənin hərbi bazalarının olduğu Əfqanıstan, Qətər, Somali və Liviya kimi ölkələr də Qoşulmama Hərəkatının üzvləridir. Bu onu göstərir ki, Azərbaycanda Türkiyə hərbi bazasının olmasına heç bir maneə yoxdur.

Fikrimcə, Ərdoğanın səfərində Türkiyənin Azərbaycandakı hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi həll edilə bilər. Çünki geosiyasi dəyişiklik fonunda Azərbaycan seçim qarşısındadır. Qərb və Rusiya – hər ikis Azərbaycanın onun yanında olmasını istəyir. Xüsusən də Rusiya KTMT məsələsini ortaya atıb. Belə bir durumda Türkiyənin Azərbaycandakı hərbi varlığını rəsmiləşdirilməsi, Bakını seçim çətinliyini aradan qaldıracaq, konkret olaraq, Türkiyənin yanında olduğu rəsmiləşəcək.

- Bəs müqavilələr Bakıda, yoxsa Şuşada imzalanacaq?
- Qənaətimə görə, hər iki ölkə üçün önəmli olan müqavilələr Şuşada imzalana bilər. Bunun simvolik mənası da var, bu, həmin anlaşmaların məhz Qarabağda imzalanması deməkdir. Ümumilikdə isə Ərdoğanın Qarabağa gəlişindən sonra üçtərəfli anlaşmaların bütün bəndlərinin yerinə yetirilməsi ilə bağlı fəallıq müşahidə edə bilərik.

Bizim üçün vacib olan 10 noyabr bəyanatının dördüncü bəndinin – erməni qoşunlarının Qarabağdan çıxarılmasının icrasıdır. Fikrimcə, Ərdoğanın səfərindən sonra Bakı bu məsələdə daha israrlı mövqe nümayiş etdirəcək. Çünki bu məsələdə Rusiyanın dəyişən mövqeyini də görürük.

Yaxınlarda Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin Qarabağla bağlı məsləhətləşmələr aparması haqda məlumat yayıldı, eyni zamanda, bölgədə kommunikasiyaların açılmasının razılaşdırılmasından bəhs edildi.

Qənaətimə görə, Türkiyənin bu məsələlərlə bağlı Rusiyaya şərtləri var. Bu şərtlərdən biri 10 noyabr razılaşmasının dördüncü bəndinin icra edilməsidir. İstisna deyil ki, Qarabağdakı sülhməramlı kontingentin Türkiyə hərbçilərinin hesabına artırılması, eləcə də, Ağdamdakı monitorinq mərkəzinin genişləndirilməsi məsələləri də var. Hətta mümkündür ki, Türkiyə hərbçiləri Qarabağda aparılan patrul xidmətində də iştirak etsinlər.

Əlbəttə, bu, sonrakı dövr üçün nəzərdə tutula bilər. Əgər erməni qoşunları Qarabağdan çıxarılacaqsa, bu, Ermənistanın sözügedən bölgədəki mövcudluğunun aradan qaldırılması demək olacaq. Nəticədə Xocalı, Xocavənd və Xankəndi üç ölkənin – Azərbaycan, Türkiyə və Rusiyanın masasında olacaq. Eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsi məsələsi müzakirə mövzusudur.

Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sənədin imzalanması o deməkdir ki, ermənilərin Qarabağa iddiası de-fakto sıradan çıxacaq. Bir sözlə, Ərdoğanın səfərindən sonra mühüm proseslərin şahidi ola biləcəyik.

- Ərdoğan Qarabağ məsələsini ABŞ Prezidenti Co Baydenlə də müzakirə edəcək. Bu müzakirədən gözləntin nədir: Bayden və Ərdoğanın bu məsələdə Rusiyaya qarşı birgə hərəkət etmək ehtimalı nə qədərdir?
- Bayden-Ərdoğan görüşündə Qarabağ, ümumiyyətlə Cənubi Qafqaz məsələsinin müzakirəsi bölgədə gedən geosiyasi dəyişikliyin bir hissəsidir. Biz bu məsələnin həllinə Çindən başlayan və Britaniyaya qədər uzanan "Bir kəmər, bir yol” layihəsi kontekstindən baxa bilərik. Bu layihənin üç quru dəhlizi var: Şimal, Cənub və Orta. Pandemiyadan sonra Orta dəhliz məsələsi aktuallaşdı. Yəni Şimal və Cənub dəhlizindən daha önə çıxdı.

Bu, Orta dəhlizdə yeganə problem kimi görünən Qarabağ məsələsinin həllinin vacibliyi gündəmə gətirildi. Görünür, Bakı və Ankara bu geosiyasi dəyişikliyi doğru oxudular, nəticədə Azərbaycan ərazilərinin azad edilməsi məsələsi həyata keçirildi. Lakin indi ABŞ əsas rəqibi olan Çinlə Cənubi Qafqazda da mübarizə aparmaq niyyətindədir. Çünki həmin layihənin bütün quru dəhlizləri Bakıda birləşir. Təsadüfi deyil ki, Prezident Əliyev müharibədən sonra Cənubi Qafqazda "Altılıq” platformasının qurulması təklifi ilə çıxış etdi.

Proseslər göstərir ki, təkliflər var və bunlar həyata keçiriləcəksə, həmin layihənin əsas canı Azərbaycanda olacaq. Artıq Bayden administrasiyası Bakı ilə daha sıx təmaslara keçib, münasibətlərə dair müsbət siqnallar gəlir. Bu da Bakını Amerikanın cəbhəsinə çəkməyə hesablanıb.

Burada Amerikanı Dağlıq Qarabağ məsələsindən çox Zəngəzur dəhlizi maraqlandırır. Amerika Zəngəzur dəhlizinə Mərkəzi Asiyaya çıxış nöqtəsi kimi baxır. ABŞ-ın "5+” layihəsi var, burada söhbət Amerika və Mərkəzi Asiya ölkələrinin bir platformada əməkdaşlığından gedir. Amerika Zəngəzur dəhlizini məhz bu əməkdaşlıq platforması çərçivəsində qiymətləndirir.

Fikrimcə, Ərdoğanla görüşdə Baydenin əsas istəyi Zəngəzur dəhlizinin birgə istifadəsi ilə bağlı ola bilər. Amma Türkiyənin buna razılıq verəcəyi ehtimalı daha azdır.

- Bu fikrini necə izah edərdin: yəni Türkiyə buna niyə razı olmayacaq?
- Bu layihə Çin-Britaniya xəttində həyata keçirilir. Proseslər göstərir ki, bu xətdə yer alan Türkiyə Rusiya və ABŞ-a yaxınlaşmadan Avrasiyada regional güc olaraq ortaya çıxır. Orta xəttin üzərində - Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyada yerləşən ölkələrin hamısı bu gücün ətrafında birləşəcək. Ankaranın Türk Şurasının beynəlxalq təşkilata çevirmək istəyi, o cümlədən Şərqi Avropa ölkələri – Ukrayna və Polşa ilə yaxınlaşması bu prosesin tərkib hissəsidir.

Türkiyə bu layihədə ABŞ-ın Rusiyaya qarşı atdığı addımlarda iştirak etməkdən çox, burada aktiv regional güc kimi yer alır. Bayden məhz Ərdoğandan Çinə qarşı birgə hərəkət etməsini istəyə bilər. Əlbəttə, Ərdoğan buna razılıq verməyəcək.

Cənubi Qafqazla bağlı müzakirəyə gəldikdə, burada söhbət həm də beynəlxalq müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədlərində yerləşdirilməsindən gedə bilər. İndi Amerika bu məsələ üzərindən bölgəyə qayıtmaq istəyir. Bunu da Ermənistan hakimiyyəti üzərindən həyata keçirməyə çalışır. Bu baxımdan, digər amilləri də nəzərə alanda Ərdoğanın bu məsələdə Baydenə razılıq verəcəyini inandırıcı görünmür.

- Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalır. Sizcə, proses hansı nəticə ilə yekunlaşacaq: erməni seçicisi kimə səs verəcək?
- Müxalifət seçkilərə Nikol Paşinyana qarşı pərakəndə formada gedir. Lakin seçkilər elan olunduqdan sonra Paşinyanın əsas rəqibinin Robert Köçəryanın qurduğu "Ermənistan” bloku olacağı üzə çıxdı. Bunu "Qallap”ın keçirdiyi sorğuya əsasən deyə bilərik. Ermənistanın informasiya məkanındakı məlumatlar da göstərir ki, əsas mübarizə Paşinyan və Köçəryan arasında gedəcək.

Artıq son üç ayda Köçəryanın reytinqinin artması və ya Paşinyanın reytinqinə yaxınlaşması haqda məlumatlar var. Mart ayında keçirilən sorğuda Paşinyanın reytinqi 33 faizə qədər idi. Lakin sonuncu sorğu bu rəqəmin 22 faizə endiyini göstərir. Burada sosial-iqtisadi amillərlə yanaşı, Azərbaycandakı "hərbi əsirlər”i qaytara bilməməsi də mühüm rol oynayır. Son üç aydakı dəyişikliyin səbəbi məhz sərhəddə baş verənlərdir. Azərbaycan sərhədlərində təxribat törədən erməni diversantların saxlanılması Paşinyanın reytinqinə ciddi zərbə vurdu.

Köçəryanın mart ayında hansı formada seçkilərə gedəcəyi bəlli olmadığı üçün reytinqi də məlum deyildi. Artıq sonrakı dövrdə "Ermənistan” bloku ilə seçkilərə gedəcəyini açıqladı və bu, erməni seçicilərinin qərarına da təsir etdi. Lakin Köçəryanın atdığı iki addım önəmli oldu. Birincisi, daşnakları öz ətrafında cəlb edə bildi. Bu, Ermənistanda müharibədən sonrakı dövrdə millətçi qanadı gücləndirdi. Bura qədər daşnakların içində lider obrazı yox idi. Daşnakların Köçəryanın yanında gəlməsindən sonra ermənilərin müəyyən hissəsi onun simasında "yeni liderini tapdı”.

Digər yandan, erməni seçicilər iki seçim arasında qalır. Bir tərəfdə müharibədə məğlub olmuş Paşinyandır, digər tərəfdə sosial-iqtisadi problemlərə görə hakimiyyətdən getmiş Köçəryan və Serj Sərkisyandır. Amma Sərkisyanın Köçəryandan fərqi budur ki, onun hakimiyyəti dönəmi ermənilərin yaddaşında daha yenidir. Buna görə də, onlar seçim edəndə Köçəryanı özlərinə daha yaxın hiss edirlər.

Paşinyanın reytinqinin Zəngəzur və sərhəddə baş verənlər səbəbindən düşdüyünü nəzərə aldıqda, Köçəryanın blokunda "Dirçələn Ermənistan” Partiyası kimi bir detal var. Bu partiya Zəngəzurun keçmiş qubernatoru tərəfindən yaradılıb. Həmin şəxs bu bölgədə kifayət qədər nüfuzu olan bir şəxsdir. Köçəryan bu iki detalı öz blokunda birləşdirdiyi üçün öz reytinqini müəyyən qədər qaldıra bildi.

- Bu ərəfədə və bundan sonra Ermənistanı nə gözləyir?
- Seçkilər uğrunda qızğın mübarizə gedir, seçkilərə qədər toqquşmaların daha da artacağını deyə bilərik. Seçkilərin nəticələrində gəldikdə, Paşinyanın hakimiyyətdən gedəcəyi ehtimalı azdır. Hələ ki, Paşinyan reytinqdə Köçəryandan üstündür. Digər yandan, Paşinyanın əlində kifayət qədər inzibati resurslar var. Mümkündür ki, ya seçkilərin nəticlərini saxtalaşdırmaq, ya da kampaniya dövründə seçicilərin səslərini almaq yolu ilə prosesi öz lehinə çevirməyə çalışacaq. Yəni qələbə qazanmaq üçün ən müxtəlif yollara baş vuracaq.

Paşinyanın ən azı səslərin 55-60 faizinə iddia etdiyi görünür. Bu da onu göstərir ki, bu nəticəni əldə etmək üçün müxtəlif yollardan istifadə ediləcək. Çünki Paşinyana 50 faizdən çox səs lazımdır ki, hakimiyyəti təkbaşına formalaşdıra bilsin. Burada əsas detallardan biri budur ki, Qərb Paşinyanın hakimiyyətdə qalmasını istəyir. Bu da Paşinyana seçkiləri istədiyi formada keçirmək imkanı verir. Yəni seçkilər saxtalaşdırılacağı təqdirdə, buna Qərbin müdaxiləsi olmayacaq, ya da bəyanatdan o yana keçməyəcək. Bu da Nikol Paşinyanın hakimiyyətdə qalacağı ehtimalını gücləndirir.

Köçəryanın arxasında duran Rusiya da indiki geosiyasi konyunkturanın Paşinyanı devirməyə imkan vermədiyini anlayır. Rusiyanın hədəfi Köçəryan və onun blokunu təmsil edən qüvvələrin parlamentdə yer almasıdır. Ən azı hədəf parlamentdə ana müxalifət formalaşdırmaqdır. Bununla həm Paşinyana təzyiq imkanları əldə edir, həm də gələcəkdə situasiya imkan verəcəyi təqdirdə, həmin qüvvələrlə onu devirib bu blokun təmsilçilərini hakimiyyətə gətirməyi hədəfləyir.

Ən kritik məqam isə seçkilərdən sonra ola bilər. Nəticələrin açıqlanmasından dərhal sonra toqquşmaların olacağı gözləniləndir. Bunun da uzun çəkə biləcəyini deyə bilərik.

- Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyin izahı nədir: kim nəyə nail olmaq istəyir?
- Bu, ilk növbədə, Azərbaycan üçün Ermənistanla dövlət sərhədlərinin bərpası deməkdir. Bununla bağlı şifahi anlaşmaların olduğu barədə informasiyalar var. Söhbət SSRİ dövründə mövcud olmuş dövlət sərhədlərinin bərpasından gedir. Bunlar həm də BMT tərəfindən qəbul edilmiş sərhədlərdir.

BMT SSRİ dağıldıqdan sonra keçmiş ittifaqı respublikalarının sərhədlərini bu xəritələr əsasında tanıdı. Burada həm işğal dövründə Ermənistanın irəli çəkdiyi sərhədlər, o cümlədən SSRİ dönəmində Ermənistan daxilində qalmış anklavların (Naxçıvanın 1, Qazaxın 7 kəndi) qaytarılması var. İndiyədək bu proses sakit məcrada gedirdi, amma birdən-birə Gorus-Laçın istiqamətində gərginlik yarandı. Bunun iki səbəbi var.

Birincisi, seçkilər yaxınalaşdıqca Paşinyanın əl atdığı oyundur, bu da gərginliyi artırmağa hesablanıb. Paşinyan seçkilərə məğlubiyyətlə getmək istəmirdi. Məqsədi də bu idi ki, sərhəddə vəziyyəti gərginləşdirir, cəmiyyətdə mübarizə ruhunu gücləndirir və Qarabağdakı məğlubiyyəti arxa plana keçirir.

"Qallap”ın sorğusunda iştirak edən ermənilərin cəmi 0.7 faizi "Dağlıq Qarabağın statusu”nu ölkələrinin ən vacib problemi hesab etdiyini bildirdi. Əksəriyyət isə sərhəd məsələsini və "hərbi əsirlər”in qaytarılmasını aktul hesab edir. Yəni Paşinyan bununla həm Qarabağdakı məğlubiyyətini arxa plana atmağa, həm də millətçiliyi qızışdırmaqla millətçi kəsimi öz ətrafında birləşdirməyə çalışır.

- Baş verənlər təkəcə Ermənistandaxili proseslərə bağlıdır?
- Təbii ki, burada geosiyasi səbəblər də var. Müharibədən sonra bölgədən uzaq düşən Minsk qrupunun iki həmsədr ölkəsi – ABŞ və Fransa sərhəd məsələsi üzərindən regiona qayıtmaq istəyir. Bu, Paşinyanın beynəlxalq müşahidəçilərin sərhəddə yerləşdirilməsi ilə bağlı verdiyi təklifdə özünü aydın göstərir. Bu təklif Paşinyanın beyninin məhsulu deyil, Qərbdə hazırlanıb. Bu təklif beynəlxalq müşahidəçilərin bütün Ermənistan-Azərbaycan sərhədləri boyu yox, məhz Gorusdan Kəlbəcərə qədər olan sərhəd xətlərində yerləşdirilməsini ehtiva edir. Ermənilərin Kəlbəcəri tez-tez atəşə tutması da buna hesablanıb. Söhbət beynəlxalq müşahidəçilərin gəlməsinə şəraitin yaradılmasından gedir.

Fransa və ABŞ-ın beynəlxalq müşahidəçi adı altında bölgəyə gəkmək istəyi həm də bölgədə açılacaq kommunikasiyalardan pay almaq niyyətindən qaynaqlanır. Amerika Zəngəzur dəhlizini istəyir. Hesab edir ki, beynəlxalq müşahidəçi kimi bölgəyə gələ bilsə, bu niyyətini daha asan həyata keçirə biləcək. Rusiya isə bunun əleyhinədir. Lavrovun son açıqlaması da göstərir ki, Rusiya hətta sərhəd məsələsini də Türkiyə ilə həll etmək niyyətindədir.

Hələ ki, Fransa və ABŞ-a qarşı Türkiyə ilə birlikdə hərəkət etmək istəyində olduğunu göstərir. Çox güman ki, seçkilər başa çatanadək bu gərginlik davam edəcək. Bunun ən önəmli detallarından biri budur ki, artıq Qarabağ məsələsi erməni cəmiyyəti üçün arxa plana keçib. Bu da gələcək baxımından bizim üçün vacib detallardan biridir.

- Ermənistandakı seçkilərdən sonra Qarabağla bağlı imzalanmış üçtərəfli anlaşmaların taleyi necə olacaq? Bunların yerinə yetirilməsinin Ermənistanda hakimiyyətdə kimin olub-olmaması ilə əlaqəsi varmı?
- Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, üçtərəfli anlaşmaların həyata keçiriləcəyi qaçılmazdır. Təbii ki, vaxt uzana bilər. Paşinyan bu sənədlərə imza atıb və bu o deməkdir ki, seçkilərdə qalib gəlib, yeni komandasını qurduqdan sonra bunları icra edəcək.

Əgər Paşinyan məğlub olsa, hakimiyyətə Rusiya dəstəkli qüvvələr gələcək. Onlar da bu anlaşmaların əsas qarantı olan Rusiyanın iradəsinin əksinə getməyəcəklər. Əlbəttə, bu anlaşmaların yerinə yetirilməsi Ermənistan cəmiyyətində narazılığa səbəb ola bilər, buna görə də müəyyən qədər gecikmə mümkündür. Son nəticədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu anlaşmalar yerinə yetirilməlidir.

Mənbə: Teleqraf.comскачать dle 12.1