Pensiya yaşı 5 il azaldılır? – AÇIQLAMA

Pensiya yaşı 5 il azaldılır? – AÇIQLAMA
SOSİAL
20-08-2021, 14:05
A+
A-
Azərbaycanda pensiya siyasəti ilə bağlı boşluqlar var. İllərdir müzakirəsi gedən pensiya yaşının yüksək olması yenidən cəmiyyətdə narazılıq doğurub. Millət vəkilləri də bir neçə dəfə sosial islahatlar çərçivəsində pensiya yaşının azaldılmasını təklif etsələr də, məsələyə baxılmır. Bu dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Mənsimli ilə söhbətləşdik. 

Millət vəkilinin Bizim.Media-ya müsahibəsini təqdim edirik:

- Qadınların pensiya yaşının artırılması ictimaiyyətdə narazılıq yaradıb. Deputat olaraq sizin bu məsələyə mövqeyiniz necədir?

- Əksər ölkələrdə pensiya yaşı müəyyənləşdiriləndə qadınların pensiya yaşı aşağı götürülür. Məsələn, inkişaf etmiş olkələrdən biri olan Avstriyada kişilərdə orta ömür uzunluğu 82, qadınlarda isə 84 yaşdan yuxarı olduğu halda pensiya yaşı qadınlar üçün 60-dır. Bəzi ölkələrdə qadınların pensiya yaşı bundan da aşağıdır.
Məsələn, qadınlar Koreya, Malayziya, Çili, Polşa, Serbiya və sair ölkələrdə 60 yaşdan pensiyaya çıxırlar. Bu prinsip postsovet məkanına aid olan ölkələrin xeyli hissəsində də  gözlənilir. Bundan əlavə qadınlar üçün pensiya yaşı Qazaxıstanda və Gürcüstanda 60, Qırğızıstanda və Moldovada 58, Belarusda və Türkmənistanda 57, Özbəkistanda isə 55-dir.

Pensiya yaşının  artırılması məsələsi Milli Məclisdə müzakirə olunarkən biz bu artımın əleyhinə əsaslandırılmış çıxışlar etdik. Üstəlik təklif  etmişdik ki, heç olmasa qadınların pensiya yaşı qaldırılmasın. Bu gün də həmin fikirdəyik. Pensiya yaşının 65-ə qaldırılması, bunun qadınlara da tətbiq edilməsi həm Azərbaycanın real şəraitinə, həm demoqrafik durumuna, həm də beynəlxalq praktikada tətbiq olunan qadınların pensiya yaşının kişilərdən az götürülməsi prinsipinə uyğun deyil.

- Pensiya yaşının 65 götürülməsi Azərbaycandakı orta ömür həddinə görə çox deyilmi?

- Pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir. Ona görə də bu məsələyə çox həssas və elmi cəhətdən əsaslandırılmış şəkildə yanaşmaq lazımdır.

Bəli, pensiyanın Azərbaycanda 65 yaş götürülməsi çoxdur. 65 və ondan yüksək yaş həddi əsasən orta ömür uzunluğu 80 yaşdan yuxarı, eləcə də demoqrafik qocalma  göstəricisi çox olan ölkələrdə götürülür. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) göstəricisindən (80 yaş)  yüksək həddə malik İsveçdə  orta ömür üzunluğu kişilərdə 82, qadınlarda 84 yaş olsa da, hər ikisinin pensiya yaşı 62 götürülüb.

Dünyanın xeyli ölkəsi pensiya siyasətini Çilinin pensiya modeli əsasında qurub. Çilinin özündə orta ömür uzunluğu kişilərdə 80, qadınlarda 83 yaşdan yuxarı olmasına baxmayaraq orada pensiya yaşı qadınlar üçün 60-dır. Postsovet məkanına aid olan ölkələrin əksəriyyətində orta ömür uzunluğu 70 yaşın ətrafında və üstündə, pensiya yaşı isə daha çox hallarda kişilər üçün 63, qadınar üçün isə 60-dır.

Yaşı 65 və ondan yuxarı olan əhali  Yaponiyada -27%, İtaliyada-23%, Almaniyada-25,5 %-dir. Ona görə belə ölkələrdə pensiya yaşı da yüksəkdir. Yaşı 65 və ondan yuxarı olan pensiyaçı Azərbaycan əhalisinin 7 faizini təşkil edir. Rəsmi statistikaya görə, son 15 ildə Azərbaycanda orta ömür 2 il artaraq 73,4-dən 75,8 yaşa yüksəlib. Kişilərdə 70,8-dən 73,3 yaşa, qadınlarda 76,1 yaşdan 78 yaşa qədər artıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə Azərbaycanda orta ömür 71,4 yaşdır ki, bu göstəriciyə görə ölkəmiz dünyanın 183 ölkəsi arasında 114-cü yeri tutur. Əgər Azərbaycanda orta yaş həddi 70 yaşın üstündədirsə, yaşı 65 və ondan yuxarı olan insanlar 7 faizin ətrafındadırsa, o zaman pensiya yaşının 65-ə qaldırılmasının, xüsusən də bunun qadınlara şamil edilməsinin əsası yoxdur.

- Bəs, Azərbaycanda pensiya yaşının məqbul sayıla biləcək həddi nə qədər olmalıdır? 

- Azərbaycanda pensiya sistemi elə qurulub ki, pensiya yaşlı nəslin bir hissəsi üçün əlçatan olmasın və pensiya almağa haqqı olan insanların bir hissəsi orta pensiyadan (bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.

O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb) xeyli aşağı olan 130 manatlıq müavinət almaqla kifayətlənsin. Hesab edirik ki, bumeranq effekti verən çox ziyanlı və perspektivsiz bir konsepsiyadır. Hazırkı reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan üçün pensiya yaşının məqbul sayıla biləcək həddi kişilər üçün 62-63, qadınlar üçün isə 60 yaş olmalıdır.

Ağır və zərərli iş şəraitində işləyən kişilər və qadınlar üçün pensiya yaşından differensiallaşdırılma tətbiq etməklə, orta hesabla 5 il az olması məqsədəuyğundur.

- Parlamentin gündəliyində məsələ yenidən müzakirəyə çıxarıla bilərmi? Layihə yenidən işlənməli deyilmi?

- Bəli, obyektiv araşdırmalar aparıb, layihənin real vəziyyətinə uyğun yenidən işlənməsi məqsədəuyğun olardı. Çünki pensiya ilə bağlı rəsmi məlumatlar əsasında tam təsəvvür yaratmaq çətin olsa da görünən budur ki, yaşlı nəslin bir hissəsi pensiya yaşına çatmamış və ya pensiyaya çıxdıqdan bir neçə il sonra dünyasını dəyişir.

Pensiya yaşı müəyyənləşdiriləndə ölkədəki demoqrafik və iqtisadi vəziyyətlə bağlı məsələlər, örta ömür uzunluğu, yaşlı nəslin əhalinin ümumi sayındakı xüsusi çəkisi, vətəndaş pensiyaya çıxdıqdan sonra onun neçə il pensiya almaq proqnozu və s. bu kimi meyarlar əsas götürülməlidir.
Bununla belə demoqrafik qocalmaya məruz qalan ölkələr müxtəlif üsullardan istifadə edərək çalışırlar ki, daha az adam pensiya alsın və o pensiyaçıların cəmiyyətə yükü azalsın.

Postsovet məkanına aid olan ölkələrdə də bu üsuldan müəyyən dərəcədə istifadə edilməyə başlanılıb. Bu üsuldan istifadə zamanı təkcə demoqrafik qocalmaya görə deyil, bu ərazilərdə əmək haqqının aşağı olmasına görə də çalışırlar ki, yük müəyyən dərəcədə aşağı düşsün. Ölkədə xeyli ailə var ki, aylıq gəliri yalnız əlillik müavinəti və ya pensiyadan ibarətdir. Bir tərəfdən uşaqpulunun  verilməməsi, digər tərəfdən isə pensiyanın əlçatan olmaması insanların bir hissəsini müxtlif yollarla saxta əlillik almaga sövq etdirir ki, ailəsinə az da olsa müəyyın məbləğdə pul gəlsin.

Təklif edirik ki, bu konsepsiya xarici ekspertləri də dəvət etməklə, əsaslı surətdə yenidən işlənsin. Pensiya yaşına yenidən baxılsın, bu yaşa çatan daha çox adamın pensiya almaq imkanı olsun. Həmçinin əksər ölkələrdə olduğu kimi bizdə də qadınların pensiya yaşı kişilərdən aşağı götürülsün.

- Azərbaycanda pensiya məbləği şəxsin aylıq minimum qidalanmasını və ehtiyaclarını ödəmir. Bu məsələ ilə bağlı təklifiniz?

- Pensiya yaşı tez-tez qaldırılan aktual məsələlər sırasındadır. Bu məsələyə dair dinləmər keçirilməsi zəruridir. Xatırladım ki, 2017-ci ildə pensiya məsələsi Milli Məclisdə müzakirə olunarkən pensiya yaşının, xüsusən də qadınlarda bu həddin azaldılması məsələsini qaldırdıq.

Bəli, o zaman əks arqument kimi bildirildi ki, müəllimlər, həkimlər pensiyaya çıxmaq istəmirlər. Əvvəla, pensiya yaşında olan bütün qadınlar müəllim və həkim deyil. Onların bir hissəsi ağır, ziyanlı və bu kimi xarakterli işlərdə çalışır. İkincisi, müəllimlər, həkimlər ona görə pensiyaya çıxmaq istəmirlər ki, aylıq gəlirlərinin çox az hissəsini pensiya şəklində alırlar. İnkişaf etmiş ölkələrdə insanların gəlirləri çox olduğundan, pensiyaya çıxanda da yüksək pensiya alırlar.

Belə insanların pensiyaya çıxandan sonra həyatlarının çox maraqlı bir mərhələsi başlayır. Azərbaycanda isə bunun əksidir və pensiyaçılar həyatlarının ən məşəqqətli mərhələsini yaşamış olurlar. Aldıqları pensiya heç minimum qıdalanmaya və yaşlı orqanizm üçün tələb olunan dərmanların belə alınmasına çatmır.

MDB ölkələrində  yeni yaradılmış dəyərin orta hesabla 40 faizi, Rusiya və Belarusda bundan da çoxu, Qazaxıstanda 30 faizdən artığı əməyin ödənilməsinə yönəldilirsə, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır.
 
Əmək haqqı aşağıdırsa, pensiya da aşağı olur. Əgər bizdə də əmək haqqları ölkəmizin potensial səviyyəsinə uyğun olsa və pensiyaya çıxan aylıq gəlirinin 80 faizini ala bilsə, əksəriyyət vaxtında pensiyaya çıxmaq istəyər.

Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da işin xarakteri, ağırlıq dərəcəsi və daha geniş differensiallaşdırılmış sistem tətbiq etmək olar. Bundan əlavə insanlara imkan yaratmaq lazımdır ki, orqanizm imkan vermədikdə istəyindən asılı olaraq pensiya yaşından əvvəl də pensiyaya çıxması mümkün olsun.скачать dle 12.1